Say

Say: həcc və ümrənin mənasikindən (vaciblərindən) olub Səfa ilə Mərvə təpələri arasında yeddi dəfə gedib gəlməkdir.

Allahu Təala Həcər anamızın itaət və sədaqətinə görə ümrə və həcci əda edən hər kəsə onun kimi say etməyi vacib etdi.

Sayın vacibləri

  1. Sayı yeriyərək etmək (yeriyə bilməyən və gücü çatmayanlar arabaya minə bilərlər);
  2. Sayı yeddi şavta tamamlamaq.

Sayın sünnətləri

  1. Təvaf bitib təvaf namazı qılındıqdan sonra ara vermədən saya başlamaq;
  2. Nəcasətdən təharət;
  3. Hədəsdən təharət;
  4. Say etməyə gedərkən Həcəri-Əsvədi istilam etmək;
  5. Səfa və Mərvədə Kəbəyi-Müəzzəməyə dönərək təkbir və təhlil gətirmək, dua etmək;
  6. Kişilərin yaşıl zolaqlı sahədə “hərvələ”[1] edib digər hissələrdə yavaş yeriməsi;
  7. Bütün şavtları ara vermədən etmək;
  8. Say əsnasında təkbir, təhlil, salavatı-şərifə oxumaq və əlləri qaldırıb dua etmək.

SAYIN EDİLMƏ ŞƏKLİ

Həcəri-Əsvəd istilam edildikdən sonra Səfa təpəsinə gedilir və niyyət edilir. Səfa təpəsinə çıxdıqda Beytullaha dönülür. Duada olduğu kimi əllər qaldırılır. Həmd və səna edilir. Təkbir, təhlil, salavatı-şərifə oxunur. Özümüz və müsəlmanlar üçün dua etdikdən sonra dualarla yavaş-yavaş Mərvəyə doğru gedilir.

Yaşıl zolaqlı sahəyə gəldikdə “Hərvələ”[2] edilir və yaşıl zolağın sonuna qədər sürətli addımlarla gedilir. Bu vaxt belə dua edilir: 

رَبِّ اغْفِرْ وَارْحَمْ وَاعْفُ وَتَكَرَّمْ، وَتَجَاوَزْ عَمّا تَعْلمُ، إِنَّكَ تَعْلَمُ مَا لَ نَعْلَمُ، إِنَّكَ أنَْتَ الُ الْعََزُّ الْكَْرَمُ

Oxunuşu: “Rabbiğfir vərham va‘fu və təkərrəm və təcâvəz ammâ-ta‘ləm, innəkə ta‘ləmu m` l`-na‘ləmu, innəkə əntəllâhul-əazzul-əkram”.

Yaşıl zolaqdan çıxdıqdan sonra normal şəkildə hərəkət edilir. Mərvə təpəsinə gəldikdə Beytullaha dönülür. Səfada olduğu kimi təkbir gətirilir, zikr və dua edilir. 

Beləliklə, sayın birinci şavtı tamamlanmış olur. Eyni şəkildə Səfadan Mərvəyə dörd gediş, Mərvədən Səfaya üç dönüş olmaq üzrə, yeddi şavt edildikdə say tamamlanmış olur.

Saydan sonra Məscidi-Haramda iki rükət namaz qılmaq müstəhabdır. 

[1] Hərvələ: sürətli və göstərişli yürümək deməkdir.

[2] Hərvələ kişilərə aiddir. Xanımlar normal yürüşlə say edirlər.