Əuzu – iltica edirəm, sığınıram deməkdir. İstiazə: "Əuzu billəhi minəşşeytanirracim", "nəuzu billəh", "əstəizu billəh", "maazallah" kimi Həzrəti Allahdan kömək və iltica istənilən sözlərdən biri ilə Həzrəti Allaha sığınmaqdır.
Qurani-Kərim oxumağa "Əuzu billəhi minəşşeytanirracim, bismilləhirrahmənirrahim" deyərək başlanır. Bunun hikməti icazə istəmək, bir növ qapını döyməkdir. Çünki bir böyüyün qapısına gələn kimsə hüzuruna ancaq onun icazəsi ilə girə bilər. Bu şəkildə Qurani-Kərim oxumaq niyyətində olan insan sevdiyi Rəbbi ilə minacata başlayacağından dili lazımsız, boş sözlərlə və digər xətalarla çirkləndiyi üçün dilini təmizləməyə ehtiyac duyar. Çünki dil “Əuzu” oxuyaraq mənəvi cəhətdən təmizlənir. İbni Abbas Həzrətlərindən belə rəvayət olunmuşdur: "Qurani-Kərimə hörmət əuzudur. Qurani-Kərimin açarı isə bəsmələdir".
Hikmət sahibləri belə demişlər: “Bu mübarək kəlmə (Əuzu billəhi...) qorxduğundan amanda olmaq və Rəbbinə yaxınlaşmaq istəyənlərin vəsiləsidir. Bu, Cənabı Haqqın "Quran oxuyacağın vaxt, əvvəla, o qovulmuş şeytandan dərhal Allaha sığın" (Nəhl surəsi, ayə 98) ayəti-kəriməsi ilə əməl etməkdir. Bu sığınma "Əuzu billəhi minəşşeytanirracim" deyərək edilir. Bunun mənası "Qovulmuş şeytandan (onun hər cür şərlərindən) Allahu Təalaya (Onun əmrini yerinə yetirərək, yaxud Qurani-Kərim oxuyaraq) sığınıram", – deməkdir. Hədisi-şərifdə: "Cəbrail aleyhissalam əuzunu mənə Lövhi-Məhfuzdan gətirib oxutdu", – buyurulmuşdur.
“Təfsiri-Kəbir”də belə keçir: "Şərlər ya inancda olur; bütün batil inanclar, yetmiş iki firqənin pozuq etiqadları kimi. Yaxud bədənin əməllərindən olur ki, bəziləri insanın dininə zərər verir, haramları işləmək kimi. Bəzisi də dinə zərər verməyən bədən xəstəlikləri, acılar, yoxsulluq, korluq, şikəstlik kimi ümumi bəlalar və fəlakətlərdir. Əuzu oxuyan kimsə bu şərlərin hamısından Cənabı Haqqa sığınmış olur. Bunun üçün hər bir mömin əuzunu oxuyarkən bunlardan Cənabı Haqqa sığındığını düşünməli, lazımınca əməl etməlidir.