Ehram: Niyyət və təlbiyədən ibarət olub, həccə, yaxud ümrəyə niyyət edərək harama (ehram qadağalarına) daxil olmaqdır. Ehrama niyyət edən kişilər izar və ridaya bürünərlər. Bu iki parça örtüyə xalq arasında ehram deyilir Xanımlar mutad (normal) paltarları ilə niyyət edərlər.
Ehram, həcc və ümrə ibadətlərini əda etmək üçün bəzi mübahları haram etməkdir.[1]
Ehrama girməyin əsrarı və hikməti: Dünya zinəti olan paltarları soyunaraq doğumu və ölülərin dirildilməsini, məhşər yerini, hesab gününü, mizanı düşünmək, təmiz olaraq İlahi feyzə nail olmaqdır.
Ehramın səhih olmasının şərtləri
- Niyyət etmək;
- Təlbiyə gətirmək və ya təlbiyə yerinə keçən bir zikr etmək.
Rəsulullah Əfəndimiz aleyhissalətu vəssələm buyurdu: “Təlbiyə gətirən elə bir müsəlman yoxdur ki, onun sağında və solunda olan daş, ağac, sərt torpaq onun təlbiyəsində iştirak etməsin. Bu iştirak (sağ və soluna işarə edərək) bu və bu istiqamətdə yerin son hüdudlarına qədər davam edər”.[2]
Ehramın vacibləri
1. Miqat sərhəddini keçmədən ehrama girmək;
2. Ehramın qadağalarından qorunmaq.
Ehramın sünnətləri
- Ehrama girmədən əvvəl qoltuqaltı və qasıq tüklərini təmizləmək, dırnaq kəsmək və gözəl qoxu sürtmək;
- Ehrama girərkən qüsl və ya dəstəmaz almaq;
- Kişilər üçün izar və rida deyilən iki parça örtüyə bürünmək;
- Ehrama niyyət etdikdən sonra -kərahət vaxtı deyilsə- iki rükət ehram namazı qılmaq;
- Ehramlı ikən hər fürsətdə təlbiyə gətirmək;
- Təlbiyəni üç dəfə təkrarlamaq;
- Təlbiyədən sonra təşrik təkbiri gətirmək, salavatı-şərifə oxumaq, dua və niyaz etmək.
Ehramın müstəhabları
1. Qüslə ehram üçün niyyət etmək;
2. Ehramın ağ, yeni və ya yuyulmuş olması;
3. Şəpik və ya şəpikə bənzəyən başmaq geymək;
4. Misvak istifadə etmək;
4. Saçları daramaq;
6. Bığları sünnətə uyğun düzəltmək.
Ehramın mübahları
- Qan aldırmaq;
- Tük qoparmadan bədənin hər hansı bir yerini və ya başını qaşımaq;
- Yuyunmaq, qoxusuz sabun istifadə etmək;
- İstidən qorunmaq üçün bir ağac, ev, çadır altına sığınmaq, başa toxundurmadan çətir gəzdirmək;
- Kəmər taxmaq, silah gəzdirmək, üzük və saat taxmaq, qoxusuz sürmə çəkmək;
- Topuqları və üstü açıq olan başmaq geymək;
- Diş çəkdirmək, iynə vurdurmaq;
- Qollarını geymədən və düymələmədən palto və ya pencək kimi bir paltarı çiynə almaq;
- Yorğan, ədyal və ya hər hansı bir örtü ilə üz və baş xaric, bədənin digər qisimlərini örtmək.
Ehram qadağaları
Bir kimsə həcc və ya ümrə üçün niyyət edib təlbiyə gətirməklə ehrama girmiş olur. Ehramdan çıxana qədər ona bəzi əməllər haram olur. Bu haramlara ehram qadağaları deyilir.
A) Ehramlının öz bədəni ilə əlaqəli qadağanlar:
1. Qoxu sürtmək;
2. Qoxulu sabun istifadə etmək;
3. Təraş olmaq, bığları azaltmaq;
4. Bəzənmək məqsədi ilə xına sürtmək, dodaq boyası və lak kimi maddələr istifadə etmək;
5. Dırnaqları kəsmək;
6. Bədəninin hər hansı bir yerindən tük qoparmaq və ya kəsmək;
7. Qasıq və qoltuqaltı tüklərini yolmaq və ya təraş etmək.
B) Paltar ilə əlaqəli (kişilərə) qadağalar:
- Başa təkkə qoymaq və ya sarıq sarımaq;
- Şalvar, palto, köynək kimi tikişli paltarlar geymək;
- Corab, əlcək və ya üstü və topuqları bağlı ayaq-qabı geymək.
C) Cinsi qadağalar:
- Cinsi münasibətdə olmaq;
- Öpmək;
- Cinsi münasibətə səbəb ola biləcək sözlər danış-maq, hərəkətlər etmək.
D) Başqalarına zərər verən qadağalar:
1. Dava etmək;
2. Münaqişə və mübahisə etmək;
3. Söymək, təhqir etmək, könül qırmaq.
E) Haram bölgəsi ilə əlaqəli qadağalar:
- Yabanı bitən yaşıl otları qoparmaq, ağacları kəsmək, budamaq, əzmək;
- Zərərsiz heyvanları öldürmək.[3]
F) Quru heyvanlarının ovu ilə əlaqəli qadağalar:
- Əti yeyilən və ya yeyilməyən hər cür quru heyvanını ovlamaq;
- Ovçuya -işarə ilə olsa belə- yardım etmək;
- Ov heyvanlarına zərər vermək.
Ehrama harada girilir?
Ehrama girmək üçün müəyyən yerlər vardır. Bunlara
“Miqat yeri” deyilir. Beytullaha gəlmək istəyən afaqi Kəbəyi-Müəzzəməyə təzim üçün ehramlı olmalı və miqat yerini ehramsız keçməməlidir. Miqat məsələsində insanlar üç qisimdir:
- Afaqi olanlar: Miqat yerlərinin xaricindən gələnlər.
- Hill əhli: Miqat yerləri ilə Haram bölgəsi arasında yaşayanlar.
- Haram bölgəsinin camaatı: Haramın hüdudları daxilində yaşayanlar.
HARAM HÜDUDLARI
Mərkəz Kəbəyi-Müəzzəmə olmaqla, təqribən 7-15 km məsafə ilə əhatə edilmiş məkana Haram deyilir. Bu məkanlar xüsusi işarələrlə təyin edilmişdir.
Məkkəyi-Mükərrəmənin Haram bölgəsinə Adəm aleyhissəlamdan bəri hörmət göstərilmişdir.
Həzrəti İbrahim (a.s) Beytullahın tikintisini tamamladıqdan sonra Haram hüdudlarını Cəbrail aleyhissəlamın işarəsi ilə işarələmiş və nişan olaraq da daşlar qoymuşdur. Peyğəmbər Əfəndimiz də bu işarələri təzələmişdir.
Kəbəyi-Müəzzəməyə uzaqlıq baxımından bu sərhədlər aşağıdakılardır:
Şərqdə: Ciranə, təqribən 16 km;
Qərbdə: Hüdeybiyə, təqribən 15 km;
Şimalda: Tənim, təqribən 7 km;
Cənubda: Ədatu Libn, təqribən 12 km;
Şimali-şərqdə: Təpələr, təqribən 14 km.
Miqat yerləri
Həcc və ümrəni yerinə yetirənlərin ehramsız olaraq keçmələri qadağan olan yerlərə miqat deyilir. Miqat yerləri ilə Haram hüdudu arasında qalan bölgəyə isə Hill adı verilir.
Miqat yerləri bunlardır:
- Zülhüleyfə: Məkkəyi-Mükərrəməyə Mədinəyi-Münəvvərə istiqamətindən gələnlərin miqatıdır. Rəsulullah Əfəndimiz Vida həccində ehrama burada girmişdir.
Məkkəyi-Mükərrəməyə ən uzaq miqat budur, Mədinəyi-Münəvvərəyə 6, Məkkəyi-Mükərrəməyə isə 426 km məsafədədir.
- Zatu İrq: İraq istiqamətindən gələnlərin miqatıdır. Məkkəyi-Mükərrəməyə 94 km uzaqlıqdadır.
- Cuhfə: Şam istiqamətindən gələnlərin miqatıdır. Məkkəyi-Mükərrəmədən 187 km məsafədədir. Azərbaycandan gedənlərin miqatı buradır. Mədinəyi-Münəvvərə ziyarətindən əvvəl həcc və ya ümrə niyyəti ilə Azərbaycandan təyyarə ilə birbaşa Məkkəyi-Mükərrəməyə gedənlər ən geci bu hizada ehrama girməlidirlər.
- Qarn və ya Qarnul-Mənazil: Nəcd tərəfindən gedənlərin miqatıdır. Məkkəyi-Mükərrəmədən uzaqlığı 94 km-dir.
- Yələmləm: Yəmən istiqamətindən gələnlərin miqatıdır. Məkkəyi-Mükərrəmə ilə arası 54 km-dir. Ən yaxın miqat budur.
Qırmızı Dəniz, Süveyş tərəfindən gələnlər Cuhfə yaxınlığındakı Rabiğ hüdudunda ehrama girirlər. Rabiğ Məkkəyi-Mükərrəmədən təxminən 200 km məsafədədir.
Bu beş miqatdan başqa yol və istiqamətlərdən Məkkəyi-Mükərrəməyə girmək istəyənlər bu 5 miqatın hər hansı birinin sərhəddindən ehrama girə bilərlər. Hava və dəniz səfərlərində də vəziyyət belədir.
Ehrama necə girilir?
Ehrama girəcək kimsə əvvəlcə dırnaqlarını kəsər, qoltuqaltı və qasıq tüklərini təmizləyər, lazımdırsa, saç və saqqalını təraş edib bığını düzəldər. Mümkünsə, qüsl alar. Qüsl almaq imkanı yoxdursa, sadəcə dəstəmaz alar. Ehrama girərkən qüsl almaq sünnəti-müəkkədədir. Bu qüsl hadəsdən təharət üçün deyil, maddi təmizlik üçündür. Bu baxımdan heyz və nifas halındakı qadınlar da qüsl ala bilərlər.
Qüsldən sonra bədəndə rəng və iz buraxmayacaq gözəl bir qoxu sürtülür. Bədən yalnız izar və rida ilə örtülür.
Baş açıq və ayaqlar çılpaq saxlanılır. Ancaq ayaqlara topuqları və üstü açıq başmaq geyilir.
İzar və ridaya büründükdən sonra 2 rükət namaz qılınır. Birinci rükətdə Fatihəyi-Şərifədən sonra Kafirun surəsi, ikinci rükətdə Fatihəyi-Şərifədən sonra İxlas surəsi oxunur. Namazdan sonra qibləyə dönüb ümrəyə niyyət edilir. (Vəkildirsə, “filan kimsə adına” deyər). Ara vermədən 3 dəfə:
لَبَّيْكَ اَللّٰهُمَّ لَبَّيْكَ لَبَّيْكَ لَ شَرِيكَ لَكَ لَبَّيْكَ إِنَّ الْحَمْدَ وَالنِعّْمَةَ لَكَ وَالْمُلْكَ لَ شَرِيكَ لَكَ
“Ləbbeyk, Allâhummə ləbbeyk, ləbbeykə l` şərîkə Ləkə ləbbeyk. İnnə‘l-hamdə və‘n-ni’mətə ləkə və‘lmulk. L` şərîkə Lək”, – deyə təlbiyə gətirib arxasından təkbir və salavatı-şərifə oxuyar.
Beləliklə, ehrama girilmiş olur.
Artıq yol boyunca təlbiyə, Peyğəmbər Əfəndimizə bolbol salavatı-şəriflər gətirilir, dua və zikrlər edilir, təsbeh və təhlil oxunur. Fərz namazlardan sonra da çoxlu təlbiyə gətirilir. Təlbiyələri yüksək səslə söyləmək kişilər üçün müstəhabdır. Qadınlar səslərini yüksəltməzlər, özləri eşidəcək şəkildə söylərlər.
Xanımların ehramı
Aşağıdakı məsələlər istisna olmaqla, ehram mövzusunda qadınlar da kişilər kimidirlər:
- Hər cür tikişli paltar, əlcək, corab və məst geyə bilərlər. Başlarını örtə bilər, lakin üzlərini açıq saxlaya bilərlər;
- Təlbiyədə səslərini yüksəltməzlər;
- Təvafda rəməl, sayda isə hərvələ etməzlər;
- Başlarını təhliq etməzlər, yəni kökündən qırxmazlar, ancaq qısaldarlar;
- İzdiham varsa, Həcəri-Əsvədi öpmədən istilam edərlər. Məhrəmiyyəti qorumaq üçün kişilər arasına qarışmazlar. İzdihamlı zamanlarda Məqamı- İbrahimin yanında namaz qılmazlar.[4]
Ehramdan necə çıxılır?
Ehramdan çıxmaq üçün kişilər saçlarını ya ülgüc ilə təraş etdirir və ya ən az saçlarının dörddə birini barmaq ucları qədər (1,5-2 santimetr) qısaltdırırlar. Başı təraş etmək qısaltdırmaqdan fəzilətlidir.
Qadınlar isə saçlarının tamamının uclarından 1-2 sm qısaldırlar. Beləliklə, ehramdan çıxmış olurlar.
[1] Əkməluddin Babərti, “əl-İnayə Şərhu’l-Hidayə”, c. 2, s. 429.
[2] “Sünəni-Tirmizi”, Hədisi-şərif №: 828.
[3] Səraxsi, “əl-Muhitul-Burhani”, c. 2, s. 458.
[4] Meydani, “Lübab şərhi”, s. 78.